Содержание

“Yad” bayramlar haqqında Müqəddəs şəhidlər və bütpərəst bayram Müqəddəs Valentin gününün yaranması Əfsanə “Öz” və ya “Yad” – barışdırma

Hər il, 14 fevralda, bütün dünyada Müqəddəs Valentin günü təmtəraqlı şəkildə qeyd olunur. Bu gün sevgililər bir-birinə hədiyyələr verir, açıqcalar göndərir, evlilik təklifləri edir və s.

Pravoslav mühitində isə tez-tez eşidilir ki, Müqəddəs Valentin günü bizim bayramımız deyil, katoliklərindir. Guya bu, Qərbdə uydurulub, biz pravoslavlara isə yad bayramları qəbul etmək yaraşmaz, üstəlik də, bu sevgililər günü ayıb və rüsvayçılıqdır. Doğrudur, bayramın bəzi hallarda necə yozulmasına baxanda, həqiqətən də, ayıb və rüsvayçılıqdan başqa bir şey deyil. Məsələn, son illərdə internetdə tez-tez belə bir məlumat dolaşır ki, guya Müqəddəs Valentin homoseksual döyüşçüləri kilsədə nikaha daxil edirmiş və buna görə də o, guya LGBT icmasının himayədarıdır. Əlbəttə, Müqəddəsin həyatında belə bir şey olmayıb, bu əməlləri ona yalnız “eyni-cinsli nikahları” dəstəkləmək məqsədilə yaraşdırırlar.

“Yad” bayramlar haqqında

Amma biz yad bayramları qəbul etməməliyik deməklə razılaşmaq olmaz. Xristianlıq öz tarixi boyu dəfələrlə bütpərəst bayramları qəbul edib, onlara yeni məzmun və izah verib. Məsələn, Milad bayramı ilk dəfə Qərbdə Roma Papası Yulinin (337–352-ci illər) dövründə 25 dekabrda qeyd olunmağa başlanıb, Şərqdə isə 386-cı ildə. Bu barədə Müqəddəs Fəsahətli Yəhya yazır.

Romada, haradan ki, Miladın qeyd olunması ənənəsi başladı, qış günəş döngəsindən (25 dekabr) öncə Saturnaliya bayramı keçirilirdi. Bu bayram romalıların əkinçiliyin hamisi hesab etdikləri Saturn adlı allahın şərəfinə idi. Saturnaliya 17-dən 23 dekabra qədər davam edir, ondan dərhal sonra isə 25 dekabrda rəsmi şəkildə 274-cü il ətrafında imperator Avreliyan tərəfindən qanuniləşdirilmiş “Dies Natalis Solis Invicti” – “Məğlubedilməz Günəşin Doğum Günü” qeyd olunurdu. Bu bayram Romada daha əvvəllər də var idi, amma III əsr günəş kultlarının çiçəklənmə dövrü idi. Avreliyan da Asiya və Misir hökmdarlarının özlərini günəşlə eyniləşdirməsindən ilham alaraq, özünü Dominus et Deus” – “Hökmdar və Allah” elan etdi, “Məğlubedilməz Günəşi” isə Roma panteonunun baş allahı etdi.

Xristian dövrünün başlanmasından bir əsr öncə Romaya daxil olan Mitra kultu Avreliyanın dövründə faktiki olaraq Roma günəş kultu ilə birləşmişdi və Mitranın doğum günü Dies Natalis Solis Invicti sayılırdı. Mitraizm xristianlıq üçün ciddi rəqib idi. Elə buna görə də, həvariyə-bərabər imperator Konstantinin dövründə xristianlıq Romada hakim dinə çevriləndə, Kilsə Məğlubedilməz Günəşə və Mitraya həsr olunmuş bayramı xristianlaşdırdı, 25 dekabrı isə Məsihin doğum günü elan etdi. Kilsə bayrama öz məzmununu verdi – “Həqiqi Günəşin doğumu” – bu isə günəşə sitayiş edən bütpərəstlərə xristianlığı təbliğ etməyi asanlaşdırırdı. Beləliklə, bütpərəst bayramının xristianlaşdırılması İncilin təbliği üçün yeni təkan verdi.

Başqa bir nümunə artıq rus pravoslavlığında olan slavyanların bütpərəst Maslenitsasının xristianlaşdırılmasıdır. Slavyanlarda Maslenitsa, bir həftə davam edən bayram idi və baharın başlanğıcını simvolizə edirdi. Rus pravoslav təqvimində isə bu ad altında Böyük Orucun başlanmasına hazırlıq üçün sonuncu həftə qeyd olunur. Bu vaxt artıq ət yeyilmir, amma süd məhsulları hələ də icazəlidir. Ənənəvi olaraq həmin günlərdə yenə də blinçik bişirilir və insanlar bir-birinə qonaq gedirlər.

Qərbdən bizə gəlmiş bayramlardan danışsaq, Müqəddəs Möcüzəkar Nikolayın müqəddəs qalıqlarının Bari şəhərinə köçürülməsi münasibətilə keçirilən bayramı xatırlamaq yerinə düşər. Bu bayramın tarixi maraqlıdır. Müqəddəs Nikolay həmişə bütün xristian aləmində böyük ehtiramla yad olunub. Onun müqəddəs qalıqları uzun müddət arxiyepiskop olduğu və 343-cü ildə vəfat etdiyi Mira şəhərində saxlanılırdı.

XI əsrdə Pravoslav Bizans imperiyası ən yaxşı dövrlərini yaşamırdı, tez-tez hücumlar olur, müqəddəs məkanlar dağıdılırdı. 1087-ci ildə venesiyalı və barili tacirlər Müqəddəs Nikolayın qalıqlarını Miradan çıxarıb öz şəhərlərinə aparmaq barədə düşündülər. Birincilik barililərə qismət oldu. 47 silahlı adam məbədə daxil olub orada olan 4 rahibi bağladılar. Rahiblər müqəddəs qalıqları pul müqabilində verməkdən imtina etdilər. Barililər isə Müqəddəsin məzarını açaraq qalıqları götürdülər və şəhərdən tezliklə üzü dənizə yola düşdülər. Şəhərdə bu hadisədən xəbər tutan camaat silahlanaraq sahilə tələsdi, amma gəmilər artıq uzaqlaşmışdı.

8 mayda gəmilər Bariyə çatdı, 9 mayda isə qalıqlar Müqəddəs Stefan məbədinə təntənəli surətdə köçürüldü. Sonralar Müqəddəs Nikolayın şərəfinə ayrıca kilsə də tikildi. Şübhəsiz, bu, barililər üçün böyük bayram idi. 1090-cı ildə papa II Urban Müqəddəs Nikolayın qalıqlarının Bariyə köçürülməsi münasibətilə bayram gününü təsis etdi. Bizans Şərqi isə bu bayramı qəbul etmədi. Çünki, müqəddəs qalıqların itirilməsi yunanlar üçün kədərli bir hadisə idi. Amma Rusiyada bayram kifayət qədər tez yayıldı. Bayram artıq 1092-ci ildən qeyd olunmağa başlandı və bu gün də qeyd olunur.

Beləliklə, “yad” bayramların qəbul olunması heç vaxt Pravoslav Kilsəsi üçün aşılmaz bir problem olmayıb. Bu, tarix boyu dəfələrlə baş verib.

Müqəddəs şəhidlər və bütpərəst bayram

Gəlin yenidən Müqəddəs Valentin mövzusuna qayıdaq. Daha dəqiq desək qədim martirologiyalara görə xatirəsi 14 fevralda qeyd edilən ən azı üç Müqəddəs Valentin şəhidinə. Onlardan ikisi III əsrin ikinci yarısında Romada əzab çəkmiş və hər ikisi də Flamin yolu üzərində şəhərdən müxtəlif məsafələrdə dəfn olunmuşdu. Onlardan biri indiki Terni şəhərinin yepiskopu idi. Bu müqəddəs, şəfa möcüzələri ilə tanınmış, onların vasitəsilə yüksək vəzifəli bütpərəstləri Məsihə gətirmiş, buna görə də 269-cu ildə edam edilmişdi. Digər şəhid Valentin isə Romada keşiş idi, amma onun haqqında başqa məlumat yoxdur. Sonradan Flamin qapıları yaxınlığında Müqəddəs Valentinin şərəfinə kiçik bir kilsə tikilmiş, qapılar isə Valentin qapıları adlandırılmışdır. Üçüncü şəhid Valentin haqqında isə yalnız onun Kartacada əzab çəkdiyi məlumdur.

14 fevralda müqəddəs şəhidlərin kilsəvi şəkildə ümumi hörmətinə nə vaxt və kim tərəfindən başlanıldığı dəqiq bilinmir. Bir fikir var ki, bunu V əsrin sonlarında papa Gelasi etmişdir. Papa I Gelasi (492–496) qısa pontifikatına baxmayaraq kifayət qədər fəal fəaliyyəti ilə tanınırdı: o, Yeni Əhdin yekun qanunnaməsini təsdiqləmiş, monofizitlik bidətinə qarşı çıxmış və Romada luperkaliyanın qadağan edilməsinə nail olmuşdur.

Luperkaliyaya ayrıca toxunmaq lazımdır. Romada luperkaliya Luperk adlı allahın şərəfinə keçirilən bayram idi və 13–15 fevral tarixlərində baş tuturdu. İtaliyalılar onu dağların, meşələrin, çöllərin xeyirxah allahı kimi qəbul edir, onun insanlara, torpağa və heyvanlara bərəkət göndərdiyinə inanırdılar. O həm də sürüləri canavarlardan və digər bədbəxtliklərdən qoruyan ilahi varlıq sayılırdı. Onun məbədi Romadakı Palatin təpəsində yerləşən mağara idi. Bayram günü (dies Februtus – yəni “təmizlənmə günü”, buradan “fevral” adının gəldiyi güman edilir) gənc keçilər və itlər qurban edilirdi. Qurban mərasimindən sonra iki zadəgan gənc keçilərin kəsildiyi yerə gətirilirdi: kahinlərdən biri onların alınlarına qanlı qurban bıçağı toxundurur, digəri isə süd ilə isladılmış yunla silirdi. Bundan sonra rituallıq yemək keçirilir, ardınca kahin-luperkilər qurban keçilərinin dərilərini zolaqlara kəsirdilər. Luperkilər çılpaq halda, yalnız bel hissəsini keçi dərisi ilə örtərək, bu zolaqları qana batırıb Palatin təpəsi ətrafında qaçmağa başlayırdılar. Yolda qarşılarına çıxanlara, əsasən qadınlara bu zolaqlarla vururdular. Qadınlar isə könüllü şəkildə özlərini bu zərbələrə təqdim edirdilər. Çünki inanılırdı ki, bu, onlara məhsuldarlıq, yüngül doğuş və məhəbbətdə uğur gətirəcək.

Luperkaliyalar imperiyanın xristianlaşmasından sonra da Romada mövcud olmağa davam edirdi. Ehtimal etmək olar ki, luperkaliyaları qadağan etdikdən sonra papa Gelasi həmin bayramı xristianlaşdırmağa çalışdı, ona saleh məna verdi və “himayədar” olaraq 14 fevralda xatirəsi keçirilən Müqəddəs Valentini “təyin etdi”. Amma hansı Valentinin məhz himayədar elan olunduğu və luperkaliyaların əvəzində hansı xeyirli mərasimlərin keçirildiyi məlum deyil. Bu suallara cavabı artıq heç vaxt öyrənə bilməyəcəyik, çünki həmin məqamları əks etdirən tarixi sənədlər yoxdur. Məlum olan yalnız budur ki, 496-cı ildə papa Gelasi senzor Andromaxa qarşı çıxaraq, onun luperkaliyaları bərpa etmək istəyinə mane olmuşdur. Nəticədə həmin bayram məşəlli yürüşlərlə əvəzlənmişdi. Lakin bunun ənənəyə çevrildiyi barədə daha heç bir qeyd yoxdur.

Sonrakı əsrlərdə iki Roma şəhidi Valentin haqqında məlumatlar V–VI əsr şəhidlik aktlarında və VIII əsrdə Müqəddəs Bedanın martirologiyasında rast gəlinir. IX əsrdə müqəddəs Valentinlərin hər ikisi hələ də ayrı-ayrı yad olunurdu, baxmayaraq ki, eyni gündə. Görünür, sonralar onların həyat hekayələri qarışmış və orta əsr sənədlərində artıq yalnız bir Müqəddəs Valentin xatırlanmışdır. Məsələn, təqribən 1255-ci ildə yazılmış Voraginli Yaqubun məşhur “Qızıl əfsanə” əsərində Müqəddəs Valentin imperator Klavdinin qarşısına çıxır və Məsihi inkar etməkdən imtina etdiyi üçün şəhid olur.

Müqəddəs Valentin gününün yaranması

Müqəddəs Valentinin xatirə gününə ilk dəfə romantik çalarları gətirən ingilis ədəbiyyatının atası hesab olunan şair Cefri Çoser olmuşdur. O, “Quşlar parlamenti” adlı poemasında o dövrün ingilis və fransız xalq inanclarını səsləndirir ki, guya quşlar məhz Valentin günündə özlərinə cüt axtarmağa başlayır, yəni onların çoxalma dövrü açılır. Əsərin əsasını bu xalq inancı təşkil edir, amma əsərdə həmçinin insanlardan, onların ehtiraslarından və hətta konkret bir hadisədən – II Riçardın Bohemiya şahzadəsi Anna ilə nişanlanması və evliliyindən bəhs olunur. Məşhur britaniyalı filoloq Henri Kelli bu barədə belə yazır: “Çoser baharı yeni həyatın başlanğıcı, evlilik dövrü və s. ilə əlaqələndirirdi. Elə buna görə də Müqəddəs Valentinin aşiq olanların himayədarı kimi kultu məhz onunla başlanır.” Sonralar Çoserin ortaya qoyduğu fikir başqa müəlliflərin əsərlərində də yayılaraq möhkəmləndi.

Sevgililərə Müqəddəs Valentin günündə açıqca göndərmək adəti də orta əsrlərdə meydana çıxmışdır. Dünyadakı ilk “valentin” isə 1415-ci ildə London qalasında həbsdə olan Orlean hersoqu Karl tərəfindən həyat yoldaşına göndərilmiş qeyddir. Karlın zindandan yazdığı məktub bu günədək qorunub saxlanılmış və Britaniya kitabxanasında yerləşdirilmişdir.

Lakin o dövrdə, orta əsrlərin romantizminə baxmayaraq, Müqəddəs Valentin günü indiki formasına yaxın şəkildə mövcud deyildi. Bu kultun bizə tanış olan forması sonradan İngiltərədə formalaşdı, ordan isə ABŞ-a keçərək geniş populyarlıq qazandı.

Əfsanə

Müqəddəs Valentinlə bağlı bir əfsanə var ki, guya o, imperator II Klavdinin qadağasına baxmayaraq əsgərləri sevdikləri qadınlarla kilsədə evləndirirdi. Əslində isə bu mümkün deyildi. Belə bir qadağa doğrudan da mövcud olmuşdu, amma xeyli əvvəl – hələ I əsrdə imperator Oktavian Avqust tərəfindən tətbiq edilmişdi. Məhz Oktavian müntəzəm Roma ordusunu yaratmışdı və orada xidmət müddəti 20–25 il idi. Legionerlərə evlənmək qadağan olunurdu, onların həyatı ciddi qaydalarla tənzimlənir və daim müharibəyə hazırlıq içində keçirdi. Qadınlarla münasibətə isə tam qadağa yox idi, amma legionerin ən çox ümid edə biləcəyi şey konkubinat, yəni birlikdə yaşamaq idi və o da hərbi düşərgədən kənarda. Bu qadağa 180 il qüvvədə qaldı və yalnız 197-ci ildə imperator Septimi Sever tərəfindən ləğv olundu. Deməli, Müqəddəs Valentin heç bir imperator qadağasını pozmamışdı. Üstəlik, o dövrdə Roma imperiyasında nikahın kilsə tərəfindən “kəbin kəsilməsi” kimi qanuni forması hələ mövcud deyildi. Xristianlar nikaha yepiskopun xeyir-duası ilə girirdilər və bu, xristian nikahının forması sayılırdı. Bununla yanaşı, onlar Roma dövlət qanunlarına uyğun olaraq da evlənirdilər. Əgər fərz etsək ki, şəhid Valentin, yepiskop kimi, legioner-xristianlara evlənməyə xeyir-dua verə bilərdi, bu halda da bunun imperator Klavdi üçün heç bir narahatlıq doğurması mümkün deyildi.

“Öz” və ya “Yad” – barışdırma

Rusiyaya bu bayram Qərbdən gəlib və qadağalara baxmayaraq, XIX əsrdə zadəganlar arasında populyar idi. Maraqlıdır ki, katolik kilsəsi artıq 14 fevralda Müqəddəs Valentinin xatirəsini qeyd etmir. 1969-cu ildə təqvim islahatı zamanı, onun haqqında şəxsi adı və qılıncla başının kəsilməsi haqqında rəvayətdən başqa dəqiq məlumatlar olmadığı üçün, xatirə günü ümumkilsə təqvimindən çıxarıldı. Bununla belə, indi bayram olduqca geniş qeyd olunur, güclü kommersiyalaşdırılıb, bayramın ənənələri üzərində böyük bir sənaye qurulub.

Bəs pravoslavlar nə etməlidirlər? Bu bayram “bizimkidir”, yoxsa “yad”? Əvvəlcə anlamaq lazımdır ki, bu bayram kilsə bayramı deyil, baxmayaraq ki, adında müqəddəsin adı var. Amma müqəddəs – “bizim”dir! Pravoslav Kilsəsi Romada şəhid olmuş Müqəddəs Valentinlərin xatirəsini 6 və 30 iyulda keçirir. Amma yəqin ki, həmin günlərdə kimsənin ağlına “valentin” açıqçaları göndərmək və ya hədiyyələr vermək gəlməz. Əgər belə bir şey etmək istəsələr, onda ümumi qəbul olunmuş gündə (14 fevralda) edərlər. Amma dərk edərək ki, Müqəddəs Valentinin aşiq gənclərə xeyir-dua ilə heç bir əlaqəsi yoxdur. Bayramın geniş miqyas alması isə yalnız onun kommersiyalaşdırılması ilə bağlıdır. Müqəddəs Valentin günü sadəcə kiməsə nəsə satmaq üçün daha bir bəhanədir. Elə bir bəhanə kimi, necə ki, Milad, Yeni İl və digər qlobal və ya yerli bayramlar var. Burada qeyd etməmək olmaz ki, bu bayram müəyyən qədər bayağılaşdırılıb və çox vaxt günahın təbliği ilə müşayiət olunur. Amma hər kəsin öz ağlı var və bu cür bayram ideologiyasını bölüşmək heç də vacib deyil. Əgər gənclər özlərini ədəbli və ismətli aparırlarsa, onda hədiyyə və ya “valentin” onların münasibətlərini əsla günahkar etməz. Uzun illərdir evli olanlar da həmin gün bir-birlərinə diqqət göstərmək adətini davam etdirirlər. Burada da pis bir şey yoxdur, necə ki, bütpərəstlik və ya allahdan üz döndərmə elementləri olmayan hər hansı digər dünyəvi bayramı qeyd etməkdə pis bir şey yoxdur.

Rusiyada Müqəddəs Valentin gününə qarşı bayram yaradılıb: Ailə, məhəbbət və sədaqət günü. Bu da dünyəvi bayramdır, amma onu müqəddəs Peter və Fevroniyanın xatirə gününə bağlayıblar. Bayram 2008-ci ildən bəri 8 iyulda qeyd olunur. Onun bu illər ərzində Rusiyada Müqəddəs Valentin günü qədər populyar olduğunu demək çətindir. Baxmayaraq ki, dövlət və kilsə səviyyəsində təbliğ olunur, festivallar, konsertlər keçirilir, medallar təqdim olunur, hətta öz rəmzi də var – çobanyastığı. Onu doğrudan da yaxşı ümumxalq bayramına çevirmək üçün bütün şərtlər var. Bunun üçün sadəcə onu başqa bayrama qarşı qoymaqdan, “öz”ü “yad”dan qorumaq cəhdlərindən əl çəkmək lazımdır. Çünki hər cür müqayisə və qarşılaşdırma həmişə nəyinsə daha yaxşı, nəyinsə isə daha pis olduğunu göstərmək anlamına gəlir. Bəs buna ehtiyac varmı? Yox. Çoxları yəqin ki, Sergey Mixalkovun “Bəs sizdə nə var?” şeirini xatırlayır. Orada uşaqlar əyləncəsizlikdən kimdə nə olduğunu bir-birinə tərifləyir və tezliklə analarının peşələrini müqayisə etməyə başlayırlar. Sonda isə belə bir nəticəyə gəlirlər:

Analar müxtəlif lazımdır,

Analar müxtəlif vacibdir.

Hekayə axşam idi,

Mübahisə etməyə dəyməzdi.

Elə bu məsələdə də mübahisəyə ehtiyac yoxdur, heç nəyi bir-birinə qarşı qoymaq lazım deyil. Hər şey lazımlıdır və hər şey vacibdir, sadəcə ağılla yanaşmaq kifayətdir. Müqəddəs Valentin gününün açıq-aşkar günahkar mənası yoxdur, amma o, məhəbbət haqqında danışmaq, gənclərə məhəbbət ilə şəhvətin fərqini izah etmək üçün bir fürsət verir. Yuxarıdan öyrətmək yox, məhz Peter və Fevroniyanın timsalında məhəbbət və sədaqətin nə olduğunu izah etmək. Həmçinin müqəddəslikdən, Məsih uğrunda şəhidlərdən danışmaq olar. İstəsən mövzu çoxdur, fürsət həmişə tapılar. Əslində, fürsət artıq var, bundan istifadə etməmək günah olardı.

protoiyerey Dionisiy Sveçnikov


Источник: Sveçnikov Dionisiy, protoiyerey. Müqəddəs Valentin Günü [Elektron resurs] // İman əlifbası. 26.09.2025.

Комментарии для сайта Cackle